Sosial sərmayə layihələri

“ProFarms” sosial sərmayə layihəsi

2021-2023-cü illərdə həyata keçirilən “ProFarms” sosial investisiya təşəbbüsü Azərbaycanın Ucar, Ağdaş və Yevlax rayonlarında 20 kənddə yaşayan 280 ailənin həyatında əhəmiyyətli dərəcədə fərq yaratmışdır. Bu təşəbbüs sayəsində arıçılıqla məşğul olmaq istəyənlər ümumilikdə 1000 arı pətəyi olmaqla, hər biri 10 pətəklə təmin edilmiş, müasir alət və avadanlıqlarla təchiz olunmuşdular. Bundan əlavə, layihə çərçivəsində 100 ailəyə istixanalar və ağac tingləri, 80 ailəyə isə 30 min meyvə ağacı verilmişdir ki, bu da onların icmaları üçün daha dayanıqlı və uğurlu gələcəyin təmin edilməsinə dəstək olur. Benefisiarların uğurlu olması üçün müxtəlif təlim sessiyaları və seminarlar təşkil olunmuş və onlara dəyərli bacarıq və biliklər qazanmaq imkanı yaradılmışdır. Nəticələr olduqca müsbətdir, belə ki, ailələr özlərinin yetişdirdiyi təzə tərəvəzlərdən, meyvələrdən və baldan ibarət olan müxtəlif məhsullar ilə özlərini təmin etməyə nail oldular.


Akademik dərsliklərin Azərbaycan dilinə tərcüməsi

Müasir elmi ədəbiyyatın Azərbaycan dilində əlçatanlığını təmin etmək məqsədilə dünyanın nüfuzlu universitetlərində istifadə edilən 10 akademik dərslik tərcümə edilib: “Tətbiqi ekonometrika”, “İqtisadi inkişaf”, “Ali makroiqtisadiyyat”, “Beynəlxalq siyasi iqtisadiyyat”, “Kalkulus ilə orta səviyyəli mikroiqtisadiyyat: Müasir yanaşma”, “Hüceyrə və moleykulyar biologiya”, “Üzvi kimya”, “Statistik keyfiyyətə nəzarətə giriş”, “Kimya mühəndisliyi dizaynı” və “Biotexnologiyaya giriş”. Tərcümə və redaktə işlərini Azərbaycanın ali təhsil müəssisələrində çalışan professor və müəllim heyəti öz üzərinə götürərək mətnlərin düzgünlüyünü və keyfiyyətini təmin ediblər. Layihə tərcümə, elmi və ədəbi dil redaktəsi, korrektə və dizayn kimi mərhələləri əhatə edib. Hər tərcümə edilmiş kitab 200 nüsxədə çap olunmuş və ölkənin ali təhsil müəssisələrinə bağışlanmışdır.


İnkişaf İqtisadiyyatı Akademiyası

Layihənin məqsədi hökumət orqanlarının əməkdaşlarını, elmi işçiləri və tələbələri Massaçusets Texnologiya İnstitutunun “Data, İqtisadiyyat və İnkişaf siyasəti üzrə Mikromaster proqramı”-na cəlb etməkdir. Proqramın əsas məqsədi iqtisadi və sosial göstəricilərin təhlili ilə məşğul olan, habelə qanunvericilik layihələrinin və inkişaf proqramlarının hazırlanması, icrası və nəzarəti üçün məsul olan şəxslərin bilik və bacarıqlarını artırmaqdır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti ilə birgə layihənin iki mərhələsi uğurla başa çatıb. Layihədə 70 nəfər iştirak edib.


Mingəçevir Dövlət Universitetinin innovativ inkişafı

Layihənin əsas məqsədi Mingəçevir Dövlət Universitetində layihə idarəetmə ofisinin yaradılması vasitəsilə institusional imkanları gücləndirmək idi. Yeni ofis fəaliyyətində effektivliyi artırmaq üçün Nəticəyə Əsaslanan İdarəetmə (RBM) yanaşmasını tətbiq etdi. Universitet əməkdaşlarının bu yanaşmaya dair bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 14 nəfərlik heyət üçün intensiv nəzəri və praktiki təlim proqramı həyata keçirildi. Layihə çərçivəsində həmçinin universitet rəhbərliyinin, fakültə və digər struktur bölmələrinin fəal iştirakı ilə mövcud vəziyyətin və ehtiyacların dərin və kompleks qiymətləndirilməsi aparıldı. Bu fəaliyyətlərin nəticəsi olaraq ingilis dilli IT fakültəsinin inkişafını hədəfləyən ətraflı layihə təklifi hazırlanıb.


Məlumat təhlili və kibertəhlükəsizlik üzrə sertifikatlaşdırma

Layihə çərçivəsində təxminən 450 gənc məlumat təhlili (Google Data Analitikası Peşəkar Sertifikatı) və kibertəhlükəsizlik (IBM Kibertəhlükəsizlik Analitiki Peşəkar Sertifikatı) üzrə beynəlxalq sertifikatlar əldə edib. Layihə nəticəsində çox sayda məzun karyera inkişafı və daha yaxşı iş imkanları qazanıb. Bundan əlavə, bir sıra məzunlar məlumat analitikası və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmaq məqsədilə ali təhsilini davam etdirməyi seçiblər.


SABAH tələbələri üçün IELTS proqramı

Layihə boyunca Azərbaycanın müxtəlif universitetlərini təmsil edən SABAH Qruplarının 372 magistr tələbəsi ümumilikdə 150 saat olmaqla IELTS imtahanına hazırlaşmaq üçün hərtərəfli təlim keçiblər. Bu təşəbbüsün digər bir məqsədi fakültəyə peşəkar inkişaf imkanları təklif etməklə tədris keyfiyyətinin yüksəldilməsi idi.

Nəticə etibarilə, proqram üzrə 52 şəxs IELTS imtahanında yüksək ballar yığdı. Bundan əlavə, 17 üzvdən ibarət professor-müəllim heyəti öz pedaqoji bacarıqlarında əhəmiyyətli dərəcədə irəliləyişlər nümayiş etdiriblər.