Namiq Əmiraslanov Tahir oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin Ümumi iqtisadiyyat və iqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2004-cü ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini xaricdə davam etdirərək, 2012-ci ildə ABŞ-ın Brandeis Universitetində (Brandeis University) Beynəlxalq iqtisadiyyat və maliyyə, 2022-ci ildə isə Çikaqo Universitetində (University of Chicago) Biznesin idarəedilməsi (MBA) üzrə magistr dərəcələrinə yiyələnmişdir.
Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankının Pul-kredit siyasəti (Monetar siyasət) departamentinin İqtisadi tədqiqatlar şöbəsində iqtisadçı kimi başlamışdır. Uzun illər bu qurumda aparıcı iqtisadçı, böyük analitik və şöbə rəisi vəzifələrində çalışmışdır.
2013-cü ildən fəaliyyətini SOCAR-ın Sərmayələr İdarəsində Sərmayələr üzrə hesabat şöbəsinin iqtisadçısı kimi davam etdirmiş, daha sonra Beynəlxalq layihələrin təhlili və ilkin dəyərləndirilməsi şöbəsinin rəisi və idarənin rəisi vəzifələrində çalışmışdır. 2017–2024-cü illərdə “SOCAR Gas Operating Company” MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır.
N.Əmiraslanov 30 iyul 2024-cü il tarixində SOCAR-ın İnteqrasiya edilmiş planlaşdırma, optimallaşdırma və logistika (İPOL) seqmentinin icraçı direktoru təyin olunmuşdur. N.Əmiraslanov 1 aprel 2025-ci il tarixindən etibarən həmçinin “SOCAR Midstream Operations” MMC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.