LAYİHƏ TƏKLİFLƏRİ ÜÇÜN ÇAĞIRIŞ
NƏZƏRDƏ TUTULUR: Şirkət müəyyən edilmiş regionlarda və müəyyən edilmiş əhatə dairəsində kənd təsərrüfatı layihələri həyata keçirəcəkdir.
Təkliflər ən geci 22 iyun 2026-cı il, bazar ertəsi, saat 10:00-dək (yerli vaxtla) [email protected] elektron poçt ünvanına göndərilməlidir.
SOCAR və Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri üzrə onun tərəfdaşları maraqlı tərəfləri BTC marşrutu boyunca yerləşən seçilmiş regionlarda müəyyən kənd təsərrüfatı fəaliyyətlərinin həyata keçirilməsi üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.
Nəzərinizə çatdırırıq ki, SOCAR Sosial Sərmayələri tərəfindən maliyyələşdirilən layihə Hacıqabul, Kürdəmir və Ucar rayonlarında yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və kiçik biznes ekosisteminin inkişaf etdirilməsi məqsədi daşıyır.
Layihənin məqsədi aztəminatlı kənd əhalisinin gəlir və dolanışıq imkanlarını artırmaq, daxili ərzaq istehsalını genişləndirmək və şaxələndirmək, həmçinin kənd iqtisadiyyatının dayanıqlığını və iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətini gücləndirməkdir.
Sosial Sərmayələr SOCAR və onun tərəfdaşlarının aktivləri və fəaliyyətlərindən təsirlənən ərazilərdə uzunmüddətli sosial-iqtisadi inkişafı təşviq etmək məqsədilə həyata keçirilən davamlı təşəbbüsdür.
Hədəf qrupu
Məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, ehtiyata buraxılmış hərbi qulluqçular və iqtisadi cəhətdən əlverişsiz şəraitdən olan, yaşı 20-dən yuxarı yerli əhali layihənin əsas hədəf qrupu olacaqdır.
Qadın benefisiarların ümumi payının təxminən 50% səviyyəsində saxlanılması tövsiyə olunur.
Təqdim ediləcək nəticələr
Kənd təsərrüfatı, istixana quraşdırılması sahəsində geniş təcrübə və biliyə malik dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin müraciətlərini qəbul edirik.
Layihə məqsədlərinə nail olmaq üçün seçilmiş təşkilatdan aşağıdakı xidmətlərin göstərilməsi gözlənilir:
- 100 təsərrüfat üçün hər biri 100 m² sahəyə malik istixanaların quraşdırılması;
- Kiçik heyvandarlıq fəaliyyəti ilə məşğul olan 100 fermerin məhsuldarlığını və gəlirlərini artırmaq məqsədilə onlara ümumilikdə 20 yem üyüdən avadanlığın (hər 5 fermerə 1 ədəd nisbətində), həmçinin mineral-vitamin əlavələri və sənaye üsulu ilə istehsal edilmiş yemlərin təqdim edilməsi;
- Pilot təşəbbüs olaraq, təhlükəsizlik standartlarına uyğun şəkildə 30 təsərrüfatda kiçikmiqyaslı ev əsaslı bioqaz istehsalının tətbiqi və istehsal olunan qazın istixanaların qızdırılması və ya digər təsərrüfat məqsədləri üçün istifadə olunması yolu ilə fermerlərin ailə gəlirlərinin artırılmasına töhfə verilməsi;
- Seçilmiş icmalarda layihə üzrə məlumatlandırma kampaniyasının təşkili və layihə benefisiarlarının seçilməsi;
- Tədris proqramının hazırlanması və texniki-peşə təlimlərinin təşkili.
Layihənin müddəti
Layihənin başlanğıcı 2026-cı ilin avqust ayına planlaşdırılmalıdır. Layihə ən gec 2027-ci ilin dekabr ayına qədər tamamlanmalıdır.
Layihə təklifinin təqdim edilməsi üzrə təlimatlar (Layihə təklifi şablonu əlavə olunur)
Təklif hazırlayan təşkilatlar aşağıdakı məqamları qeyd etməlidirlər:
- planlaşdırılan təlim mövzuları və təlimlərin müddəti;
- layihənin icrası və dayanıqlılığına yanaşma, həmçinin bunun əsaslandırılması;
- təqdim ediləcək məhsulların adı və növü, eləcə də hər bir xidmət və məhsul üzrə bütün müvafiq xərclər;
- digər bütün müvafiq təxmini xərclər;
- məntiqi çərçivə (logframe), monitorinq və qiymətləndirmə planı, müvafiq göstəricilər (həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri), layihınin genderə həssas icrası və qiymətləndirməsi üzrə plan, kommunikasiya və görünürlük planı, gözlənilən risklər və risklərin azaldılması strategiyaları, maraqlı tərəflərin təhlili, aylar üzrə hazırlanmış icra planı.
Qiymətləndirmə meyarları
Layihə təklifləri aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəkdir:
- İştirakçılıq: təklif olunan fəaliyyətlərin hazırlanması, planlaşdırılması, icrası və monitorinqi prosesində yerli icmaların, dövlət qurumlarının və digər tərəflərin yüksək səviyyədə iştirakını təmin etməsi;
- İnnovativlik: həm SOCAR və onun tərəfdaşları, həm də hədəf qruplar üçün uzunmüddətli faydalar yaradan innovativ yanaşmanın nümayiş etdirilməsi;
- Dayanıqlılıq: layihə/proqramın hədəf qrupları üçün praktik, davamlı və uzunmüddətli həllərin təqdim olunması, layihənin SOCAR və tərəfdaşların maliyyələşməsi başa çatdıqdan sonra da davamlılığının və maliyyə etibarlılığının təmin edilməsi;
- Əməliyyat potensialı: təklif olunan fəaliyyət və ya iş proqramını həyata keçirmək üçün zəruri olan peşəkar bacarıq və uyğun kvalifikasiyaların nümayiş etdirilməsi. Bununla əlaqədar olaraq, müraciətçilər aşağıdakı təsdiqedici sənədləri təqdim etməlidirlər:
- müraciətçi tərəfindən son beş il ərzində həyata keçirilmiş müvafiq fəaliyyətlərin xülasəsi;
- layihənin icrasına cavabdeh olacaq şəxslərin CV-ləri;
- Potensialın gücləndirilməsi: hədəf qruplara əhəmiyyətli bilik/bacarıq ötürülməsinin və/və ya potensialın artırılmasının təmin edilməsi; metodların/nəticələrin/biliklərin daha geniş tətbiqi imkanlarının olması; gələcək layihələr üçün baza rolunu oynama perspektivi;
- Qiymət təhlili: tapşırığın icrası üçün tələb olunan səylər nəzərə alınmaqla əsaslandırılmış və ədalətli qiymətlərin təklif olunması;
- Monitorinq və qiymətləndirmə: layihə məqsədlərinə nail olunmasının və uğurun necə izlənəcəyi və ölçüləcəyinin aydın şəkildə göstərilməsi.
Monitorinq və qiymətləndirmə
Logframe çərçivəsində obyektiv şəkildə yoxlanıla bilən göstəricilər müəyyən ediləcək və aylıq əsasda izlənəcək. Layihənin müqavilədə razılaşdırılmış qayda və şərtlərə uyğun icra olunmasını təmin etmək məqsədilə mütəmadi monitorinq səfərləri həyata keçiriləcəkdir. Müraciətçilər aşağıdakıları müəyyən etməlidirlər:
- Əsas performans göstəriciləri (KPI-lər);
- Məlumatların toplanması metodologiyaları;
- Monitorinqin tezliyi;
- Hesabatvermə mexanizmləri (aylıq, rüblük, yekun);
- Təsirin qiymətləndirilməsi yanaşması.
Büdcə tələbləri
Müraciətçilər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Ətraflı büdcə cədvəli (Excel və ya ekvivalent formatda);
- Hər bir xərc maddəsini izah edən əsaslandırma;
- Fəaliyyətlər və regionlar üzrə bölgü;
- Hər hansı bir həmmaliyyələşmə və ya icma tərəfindən edilən töhfə (mövcud olarsa).
Hüquqi məsələlər və məxfilik
SOCAR təqdim olunmuş bütün təklifləri nəzərdən keçirmək və qiymətləndirmək, təklifləri məxfilik şərtləri əsasında xarici ekspertlərlə bölüşmək, həmçinin hər hansı və ya bütün təklifləri rədd etmək hüququnu özündə saxlayır. Müraciətçilər qüvvədə olan milli qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Ətraf mühit məsələləri
Müraciətçilər aşağıdakıları nümayiş etdirməlidirlər:
- İqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı təcrübələri;
- Su və enerjidən səmərəli istifadə;
- İstixana sistemlərinin ətraf mühitə minimal təsiri.
Ödəniş şərtləri
Büdcələşdirmə zamanı istifadə olunacaq valyuta AZN-dir. SOCAR ödənişləri adi bank kanalları vasitəsilə, hesab-faktura və digər sənədlər təqdim edildikdən sonra, zərurət yarandıqda qənaətbəxş yoxlama hesabatının və malların qəbulunun təsdiqlənməsi şərti ilə 30 gün ərzində həyata keçirir.
Nəzərinizə çatdırırıq ki, konsept sənədlərinin və/və ya layihə təkliflərinin hazırlanması və təqdim edilməsi ilə bağlı bütün xərc və məsrəflər müraciətçinin öz hesabına qarşılanır. SOCAR konsept sənədlərinin və layihə təkliflərinin hazırlanması və təqdim edilməsi ilə bağlı hər hansı xərclərə görə məsuliyyət daşımır.
Son müraciət tarixi
Təkliflər ən geci 22 iyun 2026-cı il, bazar ertəsi, saat 10:00-dək (yerli vaxtla) [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciətinizi təqdim etməzdən əvvəl aşağıdakılara əmin olun:
- müraciətin son tarixdən əvvəl uğurla təqdim olunmasına;
- faylın tam və oxunaqlı olmasına;
- bütün formal tələblərə uyğun olmasına.