Eldar Qaziyev

Baş texniki direktor

Eldar Qaziyev Elman oğlu 10 avqust 1976-cı ildə Sumqayıt şəhərində anadan olub.

1994–2000-ci illərdə Ankarada yerləşən Orta Şərq Texniki Universitetinin (ODTÜ) İqtisadiyyat və İdarəetmə elmləri fakültəsində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. 2000–2002-ci illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsində Mühəndislik iqtisadiyyatı ixtisası üzrə magistr dərəcəsi alıb.

2001–2008-ci illərdə “bp Azərbaycan” şirkətində əməliyyatların inkişafı, layihələr və logistika sahələrində müxtəlif vəzifələrdə çalışıb. bp-nin Azərbaycandakı dəniz əməliyyatlarında 2008–2010-cu illərdə SƏTƏM meneceri, 2010–2013-cü illərdə isə Logistika və infrastruktur meneceri olub.

2012–2014-cü illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) bp-nin Əməliyyat liderliyinin inkişafı proqramını bitirib.

2013–2020-ci illərdə bp-nin Türkiyədəki quru əməliyyatlarında Türkiyə neft ixrac kəmərləri üzrə Ərazi əməliyyatları meneceri vəzifəsində fəaliyyət göstərib. 2021–2026-cı illərdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə quru əməliyyatlarında İxrac kəmərləri üzrə Ərazi əməliyyatları meneceri vəzifəsində çalışıb.

2026-cı ilin iyul ayında “SOCAR Midstream Operations” MMC-də Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Baş texniki direktor vəzifəsinə təyin olunub.