Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşən dəniz neft terminalı Xəzər dənizindəki dəniz yataqlarından hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edir, sonra tankerlərə yükləyir, onlar isə nefti dünya bazarlarına çatdırır.
Ceyhan Terminalı 144 hektar (1,44 kv. km) ərazini əhatə edir. İllik ixrac imkanı 50 milyon ton neft təşkil edir.
Burada aşağıdakı obyektlər yerləşir:
- Hər birinin tutumu bir milyon barel olan, üzən damlı yeddi xam neft saxlama çəni (diametri 100 metr, hündürlüyü isə 20 metr).
- Hər birinin tam yükqaldırma qabiliyyəti 300 min tona qədər olan iki tankeri eyni zamanda yükləməyə imkan verən iki yanalma körpüsünə malik, uzunluğu 2,6 km təşkil edən xam neft ixracı limanı.
- Monitorinq və idarəetmə üçün ehtiyat sistem (əsas idarəetmə Səngəçal terminalından həyata keçirilir).
- Neft saxlama çənlərindən tanker yükləmə ərazisinə qədər 6 km uzanan xətlər (2×42″ yükləmə xətti, 6X16″ yükləmə qolu).
- Uçucu üzvi birləşmələri (UÜB) yandırma qurğusu (2×16″ UÜB ayırma qolu, 6 UÜB yerüstü məşəli).
- Sahədə yerləşən çirkab su təmizləmə qurğusu.
- İnzibati obyektlər və yaşayış obyektləri.
Terminal Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də operatoru olan Türkiyə dövlət şirkəti, “BOTAŞ International Limited” (BIL) tərəfindən istismar olunur.
Terminal 2006-cı ilin mayından istismardadır.
2022-ci il martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.

