Layihələr

“SOCAR Midstream Operations” MMC (SMO) ixrac boru kəmərlərinin operatorluğu və neft tranziti üzrə funksiyaları yerinə yetirməklə yanaşı, Azərbaycanda neft nəqli infrastrukturunun təkmilləşdirilməsinə yönəlmiş müxtəlif layihələr də həyata keçirir.

Belə ki, Qazaxıstan neftini Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinə qəbul etmək məqsədilə SMO 2022-ci ildə Səngəçal terminalının ərazisində və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. 2022-ci ildə SMO Səngəçal terminalı daxilində 16 düym diametrli, 13 km uzunluğunda və 30 düym diametrli, 12,4 km uzunluğunda iki neft boru kəmərini birləşdirən 16 düym diametrli, 280 metr uzunluğunda keçid boru kəmərinin tikintisini tamamlayıb. Eyni zamanda, 30 düym diametrli, 12,4 km uzunluğunda Səngəçal–Azertrans boru kəməri də yenilənərək istismara verilib.

2025-ci ildə SMO Səngəçal terminalında 16 düym diametrli boru kəmərini Qərb İxrac Boru Kəməri (QİBK, Bakı–Supsa) ilə birləşdirən 14 düym diametrli keçid boru kəmərini inşa edib.

Bundan əlavə, SMO SOCAR-ın Neft Kəmərləri İdarəsinə (NKİ) məxsus bir sıra obyektlərdə, o cümlədən Dubəndi terminalında və Şimal İxrac Boru Kəmərində (ŞİBK, Bakı–Novorossiysk) modernizasiya layihələrini həyata keçirir. Bu çərçivədə, 2025-ci ildə ŞİBK-də seqmental boru dəyişdirmə işləri və yeni ərsin buraxma sisteminin quraşdırılması uğurla başa çatdırılıb. Kəmərin Səngəçal terminalından başlayan 2,2 kilometrlik hissəsində borular qismən dəyişdirilib və “ağıllı ərsin” texnologiyası tətbiq olunub. Yeni sistem boru kəmərlərinin təmizlənməsini, daxili korroziyanın yoxlanılmasını, axının səmərəliliyinin artırılmasını və mümkün zədələrin vaxtında aşkar edilməsini təmin edir.