BTC boyunca yerləşən icmalarda ənənəvi kəhriz su sistemlərinin bərpası

LAYİHƏ TƏKLİFLƏRİ ÜÇÜN ÇAĞIRIŞ

NƏZƏRDƏ TUTULUR: Bakı–Tbilisi–Ceyhan (BTC) dəhlizi boyunca yerləşən icmalarda ənənəvi kəhriz su sistemlərinin bərpası üzrə İcraçı Tərəfdaşın seçilməsi.

Təkliflər ən geci 22 iyun 2026-cı il, bazar ertəsi, saat 10:00-dək (yerli vaxtla) [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Ümumi məlumat

“SOCAR Midstream Operations” MMC (SOCAR Midstream) və BTC üzrə tərəfdaşları BTC boru kəməri dəhlizi boyunca yerləşən seçilmiş kənd icmalarında kəhrizlərin (ənənəvi yeraltı su sistemləri) bərpası layihəsinin icrası üçün ixtisaslı təşkilatları layihə təkliflərini təqdim etməyə dəvət edir.

Bu təşəbbüs SOCAR Midstream-in Sosial sərmayələr proqramının bir hissəsidir və aşağıdakı məqsədləri daşıyır:

  • Davamlı su resurslarına çıxışın yaxşılaşdırılması
  • Kənd icmalarının yaşayışının yaxşılaşdırılması və dayanıqlılığının gücləndirilməsi
  • Mədəni və tarixi irsin qorunması
  • Boru kəməri əməliyyatlarından təsirlənən icmalara dəstəyin göstərilməsi

Layihə çərçivəsində infrastruktur daxilində xatirə elementlərinin inteqrasiyası vasitəsilə şəhidlərimizin xatirəsi də yad ediləcəkdir.

Layihənin məqsədi

Ənənəvi kəhriz yeraltı su sistemlərinin bərpası vasitəsilə kənd icmalarında etibarlı su təminatına çıxışı bərpa etmək və davamlılığını təmin etmək, eyni zamanda bu təşəbbüsü şəhidlərin xatirəsinə həsr etmək.

Görüləcək işlər

  • Mövcud kəhriz sisteminin bərpası və avadanlıqla təchiz edilməsi
  • Tunellərin təmizlənməsi və tullantıların çıxarılması
  • Yeraltı qalereyaların və şaxtaların möhkəmləndirilməsi
  • Su axınının bərpası
  • Ənənəvi su çıxışı qurğusunun tikintisi
  • Xatirə məqsədli mərmər elementlərin quraşdırılması
  • Su şurasının yaradılması

Layihənin əhatə dairəsi

Tovuz rayonu, Aşağı Quşçu kəndi – Qurdlu kəhrizi

Tovuz rayonu, Əlibəyli kəndi – Kənd kəhrizi

Bu kənd icmaları yeraltı su ehtiyatlarından aşağıdakı məqsədlərlə istifadə edir:

  • Məişət məqsədləri
  • Kənd təsərrüfatı suvarması
  • Heyvandarlıq üçün su təminatı

Gözlənilən nəticələr 

1. Texniki işlər

  • Mövcud kəhriz sisteminin yeraltı qalereyalarının təmizlənməsi, bərpası və strukturlarının möhkəmləndirilməsi
  • Şaquli şaxtaların bərpası: şaquli quyular üzərində kilidli, paslanmayan və ya korroziyaya davamlı boya ilə örtülmüş qapaqların quraşdırılması; quyuların daxilində dəmir-beton halqaların quraşdırılması
  • Davamlı su axınının bərpası

2. İnfrastruktur

Milli memarlıq üslubunda daş su çıxış qurğusunun tikintisi, o cümlədən:

  • Kəhriz çıxışında yağış sularının çirkləndirməsinin və heyvanların girişinin qarşısını almaq üçün qoruyucu örtük və hasarın qurulması
  • Su toplama məntəqəsinin yaradılması
  • Xalça yuyulması və məişət istifadəsi üçün sahənin yaradılması
  • Xatirə məqsədli mərmər lövhələrin quraşdırılması

3. Abadlıq işləri

  • 7 ədəd yetkin çinar ağacının əkilməsi (minimum yaş – 7 il)
  • Ağacların altında 7 oturacağın quraşdırılması
  • Kiçik ictimai məkanın yaradılması

4. İcma idarəçiliyi

5 nəfərdən ibarət Su şurasının yaradılması:

  • Gender balansının təmin edilməsi (ən azı 2 qadın üzv)
  • Gənclərin və yaşlı nəslin təmsil olunması
  • Bütün icma qruplarının inklüziv şəkildə təmsil edilməsi

5. Potensialın gücləndirilməsi

  • 2 yerli kankanın (ənənəvi kəhriz mütəxəssisi) seçilməsi
  • Texniki və təhlükəsizlik təlimlərinin keçirilməsi
  • Baxım cədvəlinin hazırlanması (ildə iki dəfə)

6. SƏTƏM tələblərinə uyğunluq

  • Qapalı məkanlarda iş üzrə bütün təhlükəsizlik prosedurlarının tətbiqi
  • Risk qiymətləndirmələrinin və risk azaldıcı tədbirlərin həyata keçirilməsi
  • Fərdi mühafizə vasitələrinin (PPE) təmin edilməsi və təhlükəsizlik təlimlərinin keçirilməsi
  • Xilasetmə, ilkin tibbi yardım və təxliyəni əhatə edən Fövqəladə hallara cavab planının (ERP) hazırlanması

Layihənin müddəti

Başlanğıc: avqust, 2026-cı il

Tamamlanma: bir kəhriz 2026-cı ilin dekabr ayının ortalarınadək, digər kəhriz 2027-ci ilin birinci rübünün sonunadək

Təkliflərin təqdim edilməsi üzrə təlimatlar

Maraqlı təşkilatlar aşağıdakı məlumatları təqdim etməlidir:

  • İcra yanaşması və metodologiya
  • Texniki dizayn konsepsiyası (bütün ölçülər daxil olmaqla: uzunluq, dərinlik, diametr)
  • Ətraflı iş planı (aylıq bölgü ilə)
  • Təlim proqramının təsviri
  • Davamlılıq yanaşması
  • Risk qiymətləndirilməsi və risk azaldıcı tədbirlər
  • Maraqlı tərəflərlə əlaqə strategiyası
  • Monitorinq və qiymətləndirmə çərçivəsi

Qiymətləndirmə meyrları

Təkliflər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

  • Texniki keyfiyyət: Kəhriz sistemləri üzrə anlayış və təklifin həyata keçirilə bilmə qabiliyyəti
  • SƏTƏM standartları: Qapalı məkanlarda iş və tikinti təhlükəsizliyi tələblərinə uyğunluq
  • Əməliyyat potensialı: Müvafiq təcrübə və ixtisaslı heyət
  • Potensialın gücləndirilməsi: Təlim və bilik ötürülməsi proqramının keyfiyyəti
  • Maliyyə səmərəliliyi: Xərc şəffaflığı və vəsaitin səmərəli istifadəsi
  • Monitorinq və qiymətləndirmə: Əsas performans göstəricilərinin (KPI) və hesabat mexanizmlərinin aydınlığı

Monitorinq və qiymətləndirmə

Müraciət edən təşkilatlar aşağıdakıları müəyyən etməlidir:

  • Əsas Performans Göstəriciləri (KPI), o cümlədən:
    • Bərpa olunmuş su axını (litr/saniyə)
    • Faydalanan şəxslərin sayı
    • Layihə tamamlandıqdan sonra funksionallıq səviyyəsi
  • Məlumatların toplanması metodları
  • Monitorinqin keçirilmə tezliyi
  • Hesabat formatı (aylıq və yekun)
  • Təsirin qiymətləndirilməsi yanaşması

SOCAR tərəfindən hər iki həftədən bir sahə monitorinq səfərləri həyata keçiriləcəkdir.

Büdcə tələbləri

Müraciət edən təşkilatlar aşağıdakıları təqdim etməlidir:

  • Ətraflı bölgü ilə Excel formatında büdcə
  • Hər bir xərc maddəsini izah edən büdcə əsaslandırması
  • Fəaliyyətlər üzrə xərc bölgüsü
  • Vahid tariflər (uzunluq, diametr, qazıntı dərinliyi və s.)
  • Hər hansı bir həmmaliyyələşdirmə töhfəsi (əgər tətbiq olunursa)

Hüquqi məsələlər və məxfilik

SOCAR aşağıdakı hüquqları özündə saxlayır:

  • Bütün təklifləri nəzərdən keçirmək və qiymətləndirmək
  • Təklifləri məxfilik şərtləri çərçivəsində müstəqil ekspertlərlə paylaşmaq
  • İstənilən və ya bütün müraciətləri rədd etmək

Müraciət edən təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməlidir.

Ətraf mühit və sosial tələblər

Müraciət edən təşkilatlar aşağıdakıları nümayiş etdirməlidir:

  • Yeraltı su ehtiyatlarından davamlı istifadə
  • Ətraf mühitə minimal təsir
  • Tullantıların təhlükəsiz utilizasiyası təcrübələri
  • Təbii su toplama zonalarının qorunması

Ödəniş şərtləri

  • Ödənişlər AZN valyutası ilə həyata keçiriləcəkdir
  • Ödənişlər mərhələlərin tamamlanması əsasında aparılacaqdır
  • Çatdırılmalı nəticələr qəbul edildikdən sonra 30 gün ərzində ödəniş ediləcəkdir

Son müraciət tarixi

Təkliflər ən geci 22 iyun 2026-cı il, bazar ertəsi, saat 10:00-dək (yerli vaxtla) [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciətinizi təqdim etməzdən əvvəl aşağıdakılara əmin olun:

  • müraciətin son tarixdən əvvəl uğurla təqdim olunmasına;
  • faylın tam və oxunaqlı olmasına;
  • bütün formal tələblərə uyğun olmasına.