SOCAR-ın Neft Kəmərləri İdarəsinin (NKİ) əsas missiyası neftin qəbulu, saxlanması və nəql əməliyyatlarını təhlükəsiz və operativ şəkildə həyata keçirməkdən ibarətdir.
1970-ci ildən müxtəlif formalarda fəaliyyət göstərən NKİ, 2023-cü ildə SOCAR-ın Müşahidə Şurasının qərarına əsasən SOCAR-ın “İnteqrə edilmiş Planlaşdırma, Optimizasiya və Logistika” (İPOL) biznes seqmentinin tərkibinə daxil edilib.
NKİ-nin idarə etdiyi əsas obyektlərə Dübəndi terminalı, Şirvan–Bakı, Dübəndi–Böyükşor, Sumqayıt–Böyükşor və Bakı–Novorossiysk neft kəmərləri daxildir.
NKİ 695 km müxtəlif diametrli magistral neft kəmərlərini, 10 neft nəqletmə sahəsini, 3 neft təhvili sahəsini, 1 ixrac neft təhvili sahəsini, 1 Sumqayıt neft ölçmə sahəsini, 1 neft aşırma sahəsini, 66 ədəd güc transformatorunu, 27 ədəd yarımstansiyanı, 61,944 km hava elektrik ötürmə xəttini, 116,68 km kabel elektrik ötürmə xəttini və 55 ədəd müxtəlif tipli nasos aqreqatlarını istismar edir.
Bütünlükdə NKİ-nin balansında ümumi həcmi 584,9 min kubmetr olan çənlər mövcuddur. Onlardan 145 min kubmetri tranzit neftləri üçün, 439,9 min kubmetri isə Azərbaycan neftinin qəbulu, saxlanması və nəqli üçün istifadə olunur.