12 January 2023

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Back to news

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

CBC Telekanalından Sənan Rzayev: Cənab Prezident, keçən il Azərbaycan tərəfindən Avropanın, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə kömək göstərilməsi yolunda daha bir neçə addım atılıb. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda oldu. Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalandı. Cənab Prezident, bilmək istərdim, Siz həmin ideyanın reallaşdırılması sürətini bütövlükdə necə qiymətləndirirsiniz və bu Memorandum, bu əməkdaşlıq həm Azərbaycana, həm də Avropa İttifaqına istər cari ildə, istərsə də qarşıdakı ildə nələr vəd edir?

Prezident İlham Əliyev: Bu, Azərbaycanın neft-qaz sahəsinin inkişafında əlamətdar hadisədir. Əlbəttə, Avropa Komissiyasının Prezidentinin səfəri Avropa Komissiyasının və şəxsən xanım Ursula Fon der Lyayenin bu məsələyə ayırdığı diqqətə dəlalət edir. Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, əlbəttə, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub. Bu, izah ediləbiləndir. Əlbəttə, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq. Nəzərə alırdıq ki, biz həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözləyirik. Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” (“deep gas”) hasilatına başlamağı planlaşdırırıq.

Yəni, potensial var, Azərbaycanın təsdiq edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə bildirmişəm – 2,6 trilyon kubmetr, lakin əminəm ki, bundan qat-qat çox olacaq. Çünki bizim neft yataqlarında fəaliyyət təcrübəmiz göstərir ki, qazma işləri davam etdikcə, ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcmi çoxdur, Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü, əlbəttə, hasilata investisiya qoyulması zəruridir və biz bunu edirik, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq. Yəni, xanım Ursula Fon der Lyayen ilə imzalanmış sənəddə məhz bu məqam nəzərdə tutulur.

Əlbəttə, bu Memorandumun icrası kifayət qədər uğurla davam edir. Əgər biz 2021-ci ildə Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdiksə, bu il 12 milyard kubmetrə yaxın olacaq. Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın ixrac gözlənilir. Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. Artıq indi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük. Əlbəttə, bundan ötrü tərəfdaşlarımızla məsləhətləşmələr aparılır. TANAP layihəsinə gəldikdə, burada işlər asandır, çünki biz bu layihənin əsas iştirakçısı – şeyeholderiyik və əsas maliyyə yükü bizim üzərimizə düşəcək. TAP layihəsində bizim payımız 20 faizdir, buna görə orada, əlbəttə, konsensusa nail olmaq məsələləri üzərində daha çox işləməli olacağıq. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki başa düşürdük ki, qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla sanki qapalı məkanda qalacağıq.

Beynəlxalq enerji şirkətləri, ilk növbədə, məsələnin iqtisadi tərəfinə – nə vaxt sərmayə qoymaq, nə vaxt genişlənmək lazım olmasına baxırlar. Yəni, beynəlxalq enerji şirkətlərindən onların beş il sonra lazım olacaq layihəyə milyardlarla sərmayə qoyacağını gözləmək düzgün deyil. Buna görə biz burada öz strateji təsəvvürlərimizi, - indiyə qədər bu məsələdə heç vaxt yanılmamışıq, - tərəfdaşlarımızın iqtisadi imkanları və iqtisadi siyasəti ilə uzlaşdırmağa çalışırıq və indi bu istiqamətdə işləyirik.

Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır, artıq açılıb. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Yəni, mahiyyət etibarilə biz Nabucco layihəsinin müəyyən versiyasına yaxınlaşırıq. Yadınızdadırsa, bu layihə barədə illər boyu çox fəal diskussiyalar gedirdi, lakin sonradan ona ehtiyac olmadı. Əslində, indi interkonnektorlar şəbəkəsinin, məsələn, Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması işləri çox fəal gedir. Mən onu da bilirəm ki, Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və o cümlədən Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.

Biz Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Bu halda Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır.

Beləliklə, Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir. Əlbəttə, Avropa ölkələrinin çoxunun belə adlandırılan “yaşıl keçid” proqramını da unutmaq olmaz. Bu halda müəyyən müddətdən sonra mədən yanacağından imtina edilməsi nəzərdə tutulur. Lakin mənim müşahidələrimə görə hazırda Avropa qaz bazarındakı meyillər, - əlbəttə, bu proqram qüvvədədir, - enerji təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət Avropa strukturlarını enerji təhlükəsizliyinə daha realist mövqedən yanaşmağa sövq edəcək. Buna görə də əminəm ki, uzunmüddətli perspektivdə qazdan və neftdən imtina edilməsi gözlənilmir.

Xəzər Televiziyasından Nigar Mahmudova: Mən də enerji mövzusunu davam etdirmək istəyirəm. Siz artıq Azərbaycanın enerji potensialına tələbatın artması və bütün bunların bizim üçün yeni imkanlar açmasını qeyd etdiniz. Hansı yeni imkanlar açılır? Yəqin ki, burada, sadəcə, iqtisadi deyil, həm də Azərbaycanın siyasi olaraq da gücləndirilməsindən söhbət gedir. İstərdim, bu barədə Sizin fikirlərinizi eşidək, cənab Prezident.

Prezident İlham Əliyev: Yeni imkanlara gəldikdə, prinsip etibarilə mən əvvəlki sualda bu barədə cavab verdim. Daha nə etmək olar? Əlbəttə ki, biz indi bir neçə ölkə ilə enerji sahəsində danışıqlara başlamışıq. O ölkələr ki, əvvəllər bizim tərəfdaşlarımız deyildi. Rusiya-Ukrayna müharibəsinə qədər nəzərdə tutulmuş bütün layihələr demək olar ki, plan üzrə gedirdi. Hər il Bakıda keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin də uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Ancaq gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq. Məsələn, biz hesab edirdik ki, TANAP layihəsinin başa çatması faktiki olaraq bu sahədə bizim əsas işlərimizin də başa çatması deməkdir. Ondan sonra, sadəcə olaraq, mövcud infrastrukturdan istifadə edərək öz qaz resurslarımızı ixrac etməliyik. Amma baxın görün, Rumıniya tərəfinin xahişi əsasında artıq yanvar ayından biz Rumıniyaya qaz ötürməyə başlamışıq. Çünki il ərzində Rumıniyanın energetika naziri iki dəfə Azərbaycana gəlmişdi və ilin sonunda mənim Rumıniyaya səfərim baş tutmuşdu. Bu arada bizim müvafiq qurumlarımız danışıqlar aparırdılar və interkonnektor artıq işə düşəndən sonra texniki imkan yaratdı. Əlbəttə ki, texniki imkan olmadan biz qaz ixracatımızın coğrafiyasını genişləndirə bilmərik və texniki imkanlar Avropa məkanında bizim səlahiyyətimizin çərçivəsində deyil. Yəni, Avropa ölkələri özləri bunu edirlər və nə qədər çox bağlantı olarsa, bizim o qədər də çox potensial müştərilərimiz olacaqdır.

Mən indi vaxtından əvvəl nəyisə elan etmək istəmirəm, ancaq Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik. Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir. Nəzərə alsaq ki, bizim çox böyük resurs bazamız var, artıq infrastrukturumuz var və Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımız var, əlbəttə ki, diqqət Azərbaycan üzərinə yönəldilir. Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq.

Real Televiziyasından İlqar Mikayıloğlu: Cənab Prezident, 2022-ci ildə Transxəzər qaz kəməri ilə bağlı mütəmadi olaraq mülahizələr səslənirdi, fikirlər, bəyanatlar verilirdi. Amma reallıqda, əslinə qalsa, bu məlumatların əsasında nə durur və bizim mövqeyimiz bu istiqamətdə nədən ibarətdir?

Prezident İlham Əliyev: Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir. Çünki bizim layihələrə gəldikdə, istər Bakı-Tbilisi-Ceyhan olsun, istər Cənub Qaz Dəhlizi, burada hər şey aydın idi. Azərbaycan liderliyi öz üzərinə götürmüşdür, ölkələrdən və şirkətlərdən ibarət komanda şəklində bir qrup yaratmışdır, beynəlxalq maliyyə qurumlarını cəlb etmişdir. Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində görün, hansı qurumlar iştirak edib - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa İnfrastruktur və İnvestisiya Bankı - dünyanın ən aparıcı maliyyə qurumları. Bunlar, eyni zamanda, şirkətlər və Azərbaycan ölkə olaraq öz vəsaitini qoyub bu layihəni həyata keçirib. Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir. Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil.

Bununla paralel olaraq, hətta bütün sadaladığım məsələlər öz həllini tapsa, ikinci mərhələdə digər məsələ ortalığa çıxacaq. Tutaq ki, Transxəzər qaz kəməri inşa edildi, Azərbaycan sahilinə qədər gətirildi, ondan sonra nə olacaq? Hansı yollarla Avropa istiqamətinə göndəriləcək? TANAP-la? Yəni, TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da demək olar ki, hamısını indi Azərbaycan qazı ilə biz təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır. Çünki biz növbəti 5-6 il ərzində, əgər hər şey plan üzrə gedərsə, minimum 10 milyard kubmetr əlavə qaz hasil edə bilərik. Əlbəttə ki, bunun yeganə yolu TANAP və ondan sonra dediyim kimi, interkonnektorlar vasitəsilə. Yəni, Azərbaycan ərazisindən sonra nə olacaq? Yəni, Azərbaycan ərazisində yeni kəmərmi tikiləcək? Ola bilər. Kim bunu tikəcək? Ona görə bunlar hamısı açıq suallardır. Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam. Bütün bu suallara cavab veriləndən sonra əlbəttə ki, bu layihə həyata keçirilə bilər. Çünki prinsip etibarilə mən hesab edirəm ki, bu layihə iqtisadi cəhətdən səmərəli ola bilər, amma texniki-iqtisadi əsaslandırma gərəkdir, əlbəttə, bu təsdiqlənməlidir. Qazın sahibi istehlakçılarla kontraktlar imzalamalıdır, hansı qiymətə satılacaq. Çünki məsafə nə qədər uzun olsa, bir o qədər də xərclər artır. Amma yenə də biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək.

CBC Telekanalından Sənan Rzayev: Cənab Prezident, icazə versəniz mən qazın qiyməti və enerji sektoru barədə sualı bir qədər davam etdirmək istərdim. Siz əvvəlki suallara cavab verərkən bizim qaz ehtiyatlarının həcmi məsələsinə, xüsusi halda Balkanlarda və Avropada planlarımıza ətraflı toxundunuz. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, son vaxtlar xarici mətbuatda qəribə mülahizələr yayılır ki, guya Azərbaycan Rusiya qazını sonradan Avropaya, dünya bazarlarına ixrac etmək məqsədilə alır və sair. Bununla əlaqədar bilmək istərdim, əvvələn, bu informasiya barədə Siz nə fikirdəsiniz və Sizin fikrinizcə belə düşünənlər nəyi rəhbər tuturlar?

Prezident İlham Əliyev: Mənim fikrimcə, bu, informasiya manipulyasiyasıdır və belə düşünməyim üçün hər cür əsas var. Deməliyəm ki, ilk dəfə bunu Almaniyanın sabiq kansleri və Rusiya enerji şirkətlərindən birinin keçmiş rəhbərlərindən olan cənab Şröder bəyan etmişdi. Sonra bu versiya mətbuatda yayıldı və təbii ki, əleyhdarlarımız onu sevinclə qarşıladılar, bizi guya hansısa haqsız oyun aparmaqda ittiham etməyə çalışdılar. Bu, hər cür məntiqə tamamilə ziddir. Hətta elementar olaraq bizim ixracın həcminə nəzər salsaq, aydın görünür ki, bu barədə söhbət ola bilməz. Bəli, biz Rusiyadan qaz alırdıq, bu, çoxdan olub, o vaxt mən hələ sənaye şirkətində işləyirdim. Bu, sərfəli idi. O vaxt bizim öz qazımız kifayət etmirdi və biz elektrik enerjisi istehsalında mazutdan istifadə etməməkdən ötrü, yəni, daha çox fayda əldə etmək üçün qaz alırdıq. Əlbəttə, mazutla işləyən elektrik stansiyaları ətraf mühiti çirkləndirir. Bu gün bizim bütün elektrik stansiyaları ya qaz ilə, ya da su və qismən bərpaolunan başqa mənbələrlə işləyir. Bir də ki, səhv etmirəmsə, 2006-cı və ya 2007-ci ildə qiymətlərin kəskin şəkildə - praktiki olaraq iki dəfə artması səbəbindən Rusiyadan qaz alınması dayandırılıb. O vaxt bizə dedilər ki, qiymət iki dəfə yüksək olacaq. Özü də bu qiymət Qərbi Avropa ölkələrindəki qiymətlə müqayisədə yüksək idi və satış həcmi dörd dəfə azaldılacaq. Biz 4 milyard kubmetr qaz alırdıq, amma bizə “Qazprom”un adından bəyan etdilər ki, indi bizə yalnız 1 milyard kubmetr qaz tədarük edə bilərlər. Bu söhbət ilin sonunda, noyabr ayında, ölkənin enerji balansı artıq təsdiq ediləndən sonra olmuşdu. Yəni, bu vəziyyətdə qərar qəbul etmək üçün cəmi bir ay vaxtımız qalırdı. Gözlənilən 4 milyard kubmetr əvəzinə cəmi 1 milyard kubmetr ala bilərdik. Lakin biz vəziyyətdən çıxdıq. Özü də, necə deyərlər, hər zərərdə bir xeyir olur. Bu vəziyyət bizi öz ölkəmizdə hasilata diqqəti artırmağa məcbur etdi və biz Rusiyadan qaz almağa son qoyduq. O vaxtdan təqribən 15 il keçib.

İndi söhbət Rusiyadan 1 milyard kubmetr qaz almaq barədə gedir. Ötən ilin sonunda kontrakt bağlanıb və keçən müddətdə həmin həcmin heç yarısını da almamışıq. Biz bunu nə üçün edirik? Bəli, bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir. Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik. Bununla belə, Azərbaycana daim qara yaxmaq, bizim rolumuzu, əhəmiyyətimizi azaltmaq cəhdləri yeni məsələ deyil. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Azərbaycanın nefti yoxdur, Bakı-Tbilisi-Ceyhan kəməri çəkilməyəcək, sonra deyirdilər ki, Azərbaycanın qazı yoxdur, indi də deyirlər, qoy desinlər. Biz öz işimizi görmüşük və bu işi uğurla görürük.

Azərbaycan Televiziyasından Tofiq Abbasov: Cənab Prezident, ötən ilin strateji mahiyyətə malik hadisələrindən biri də o idi ki, dekabrın 17-də Sizin iştirakınızla Buxarestdə dördtərəfli Saziş imzalandı. Söhbət Strateji Tərəfdaşlıq Sazişindən gedir ki, orada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan bizim ərazimizdə yaşıl enerjinin istehsalını, sonra artmasını və eləcə də ötürülməsini artıq nəzərdə tuturuq. Bu hadisənin arxasında mən deyərdim ki, böyük bir multiplikativ effekt özünü əks etdirir. İlk növbədə, biz öz enerji siyasətimizin şaxələndirilməsinin yeni indeksini demək olar ki, gündəmə gətirdik. Sonra yeni əməkdaşlıq formatını yaratdıq. Çünki məndə olan məlumata görə, o Saziş Bakıda da olub və bizim tərəfdaşlar, yəni, Gürcüstan da, Macarıstan da, Rumıniya da, onlar çox böyük razılıqla o sənədi qəbul etmişdilər. Mən istərdim ki, ilk növbədə, bu məsələnin icra perspektivinə Siz münasibət bildirəsiniz və digər tərəfdən də əgər hər şeyi biz öz adı ilə çağırmalı olsaq, bayaq Siz ermənipərəstlik amilinin siyasətdə yerindən danışdınız. Sirr deyil ki, Fransa çox cidd-cəhdlə çalışırdı Rumıniyanı da anti-Azərbaycan, belə deyək, cəbhəsinə cəlb etsin və hətta nəzərə almışdılar ki, guya Qərb mətbuatı bu haqda yazmışdı ki, Ermənistana Qara dəniz vasitəsilə və Rumıniyanın ərazisindən istifadə etmək şərti ilə silah-sursat göndərsinlər. Demək olarmı ki, ikinci məqamda bizim diplomatiyanın bu uğuru həmin o dağıdıcı planın qarşısını aldı və onu darmadağın etdi?

Prezident İlham Əliyev: Bu layihəyə gəldikdə, əlbəttə, bunun mahiyyəti hələ ki, tam geniş təhlil edilməyib. Çünki bu, bir yenilik oldu və bir çoxları üçün gözlənilməz oldu. Əlbəttə ki, biz bu layihə üzərində işləməyə başlayanda çox açıq-aydın görürdük ki, onun reallaşması üçün hansı addımlar atılmalıdır. Ona görə biz bu layihəyə qoşulandan sonra faktiki olaraq bu layihə gerçəkləşməyə başlamışdır. Çünki bir fikir, bir ümumi konsepsiya olaraq bu layihə artıq uzun illər idi ki, mövcud idi. Hətta texniki-iqtisadi əsaslandırma da aparılır və ilkin variantda o layihənin ötürmə qabiliyyəti bir min meqavat elektrik enerjisinə hesablanmışdır. Biz layihəyə qoşulandan və bütün təhlil işlərini aparandan sonra təklif etdik ki, bir halda biz buna qoşuluruq, bunu daha genişmiqyaslı şəkildə həyata keçirək. Təklif etdik ki, 1000 meqavat yox, 4 min meqavat səviyyəsində olsun. Çünki onsuz da xərclər böyük olacaq, onsuz da kabel çəkiləcək. Ona görə daha çox imkanı olan kabeli çəkməklə biz daha böyük nailiyyətlərə çata bilərik. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, Azərbaycana olan investisiya marağından doğur. Çünki bizim hazırda bu qədər elektrik enerjisini ixrac etmək imkanlarımız yoxdur. Biz ixrac edirik, bizim orta hesabla ixrac imkanlarımız təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələri, – iki layihə artıq reallaşır, biri günəş, biri külək elektrik stansiyası, üçüncü layihənin reallaşması yaxın aylarda nəzərdə tutulur, - bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.

Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. İndi bu 22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir. Ancaq, mən hesab edirəm ki, bunun minimum yarısı tamamilə reallaşa bilər, çox da reallaşa bilər. Əsas məsələ bunun bundan sonrakı taleyidir - necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik. Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və bu, tam reallaşa bilər. Çünki Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər, əlbəttə ki, hər şeyi ölçüb-biçiblər. Onlar tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, - indi Azərbaycandakı iqtisadi vəziyyət belədir ki, bu, onları qane edir, - eyni zamanda, ixrac üçün imkanlar yaranacaq.

Digər məsələ, - bu da çox önəmlidir, bu, ümumi kontekstdən bir qədər kənarda qalıb, - ondan ibarətdir ki, əgər biz bu layihələri öz tərəfdaşlarımızla icra etsək, - mən deyə bilərəm ki, Azərbaycan 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir, - onda bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan - “Abşeron”dan, “Ümid-Babək”dən, ondan sonra AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı da biz ixrac edəcəyik. Yəni, burada necə deyərlər, ikinci uduş imkanı yaranır - həm bizim üçün, həm Avropa üçün. Bu layihənin reallaşmasının əmsalı, əgər belə demək mümkündürsə, çox yüksəkdir. Nə üçün mən bunu deyirəm? Çünki ilk növbədə, bu sazişin imzalanmasında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak edib. Onun iştirakı onu deməyə əsas verir ki, bu, Avropa üçün prioritet layihədir və bu layihənin həyata keçirilməsi ilə bağlı maliyyə sıxıntısı olmayacaq. Hələ ki, biz bu barədə, ümumiyyətlə, bir qərara gəlməmişik, hansı ölkələr hansı həcmdə, hansı investisiyalar qoyacaqlar və maliyyə qurumları tərəfindən ayrılan vəsait hansı ölkəyə veriləcək, yəni, borcu sonra kim qaytaracaq, bu barədə hələ ki, danışıqlar aparılmayıb. Ancaq hər şey texniki-iqtisadi əsaslandırmadan asılı olacaq. Beləliklə, Azərbaycan Avropa üçün daha da böyük önəm daşıyan ölkəyə çevriləcək.

Bir də onu deyə bilərəm ki, biz artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verdik. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub. Ona görə bu, çox böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirə biləcək bir layihədir.