Bakı Tbilisi Ceyhan (BTC)

Neft İxrac Boru Kəməri

İcmal

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq Günəşli yataqlarından hasil edilən nefti və Şahdəniz yatağından hasil olunan kondensatı Azərbaycandan nəql edir. BTC boru kəməri Bakı şəhəri yaxınlığında olan Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir.

Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyəti Prezidenti Süleyman Demirelin iştirakı ilə "Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi" haqqında saziş imzalanmışdır. 2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co) tərəfindən tikilib. BTC boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərində yerləşən hissələrinin operatoru BTC Co.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ International Limited (BIL) şirkətidir.BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanıldı və xam neft Ceyhan terminalına 2006-cı ilin may ayının 28-də çatdı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunmuşdur. BTC boru kəməri ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayının 4-də yola salınmışdır.

Partners

BP30.1% SOCAR (Azerbaijan BTC)25%
Chevron8.9% Statoil8.71%
TPAO6.53% Total5%
Eni5% Itochu3.4%
ExxonMobil2.5% Inpex2.5%
ONGC2.36%

Texniki parametrlər

  • 1768 km uzunluğu olan boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1076 km-i Türkiyə ərazilərindən keçir;
  • Boru kəmərinin diametri Azərbaycan və Türkiyə ərazilərində əsasən 42 düym, Gürcüstan ərazisində isə 46 düymdür. Boru kəmərinin Türkiyə ərazisində yerləşən Ceyhan Dəniz Terminalına düşən hissəsinin diametri 34 düymədək azalır; 
  • BTC boru kəmərinin gündəlik ötürücülük qabiliyyəti 1,2 milyon bareldir;
  • BTC boru kəməri Azərbaycanın 13 rayonundan (Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa), Gürcüstanın 7 və Türkiyənin 9 bölgəsindən keçir.
  • BTC boru kəməri 1500-dən artıq çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Boru kəməri marşurutunun dəniz səviyyəsindən 2800 metr hündür olan ən yüksək nöqtəsi dağlıq ərazilərdən keçdiyi yerdir ki, bundan sonra o, Ceyhan Dəniz Terminalında yenidən dəniz səviyyəsinə enir.

BTC boru kəmərinin obyektlərinə aşağıdakılar daxildir:

  • Səkkiz Nasos Stansiyası (NS) (Azərbaycanda 2, Gürcüstanda 2, Türkiyədə 4);
  • Bir Təzyiq Azaldan (reduksiya edən) Stansiya (TAS) (Türkiyədə);
  • Doqquz Təmizləyici Tərtibatın Buraxılma Kamerası (TTBK) (Azərbaycanda 2, Gürcüstanda 2, Türkiyədə 5);
  • Doqquz Təmizləyici Tərtibatın Qəbulu Kamerası (TTQK) (Azərbaycanda 1, Gürcüstanda 2, Türkiyədə 6);
  • 101 Bağlayıcı Armatur Stansiyası (BAS) (Azərbaycanda 22, Gürcüstanda 27, Türkiyədə 52);
  • Altı Təzyiq Qoruyucu Stansiya (TQS) (Gürcüstanda 1 (PSG1), Türkiyədə 5);
  • Dörd Neft Sərfini Ölçmə Stansiyası (NSÖS) (Azərbaycanda 1, Gürcüstanda 1, Türkiyədə 2)

Timeline