29 May 2018

Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu

Back to news

29 May 2018-ci il tarixində Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”- nin rəsmi açılışı olmuşdur. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bütün dünya ictimaiyyətinə bəyan etdi ki, dünyanın enerji xəritəsini qlobal təşəbbüsləri ilə dəyişən Azərbaycan bu layihələri ilə siyasi, iqtisadi əməkdaşlıq, sabitlik tərəfdarıdır. 2013-cü ildə təməli qoyulan, texniki-iqtisadi cəhətdən çox mürəkkəb, eyni zamanda, regional və beynəlxalq əhəmiyyətli “Cənub Qaz Dəhlizi”- nin açılışı onu göstərir ki, müstəqil Azərbaycan uğurlu neft siyasəti ilə və Azərbaycan xalqına məxsus təbii ehtiyatlarından istifadə etməklə Avropanın enerji xəritəsini yenidən tərtib etmək qüdrətindədir. Tarixi hadisə olan “Cənub Qaz Dəhlizi”- nin açılışı təsdiqlədi ki, “Şahdəniz” Azərbaycanın təşəbbüsü ilə reallaşan qaz kəmərlərinin əsas resurs bazasıdır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə Avropaya təbii qaz nəqlinin mümkün variantlarının işlənməsi ilə bağlı danışıqların səmərəli nəticəsi olaraq Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edildi. Nəhəng infrastruktur layihəsi kimi diqqət çəkən “Cənub Qaz Dəhlizi” nin inşasına 40 milyard dollardan çox sərmayə qoyulub. Tədbirdə bir daha vurğulandı ki, Böyük Britaniya hökuməti də həmişə ölkəmizin enerji layihələri ilə bağlı təşəbbüslərini dəstəkləyib, Azərbaycanın yanında olub. BP şirkəti energetika sahəsində ölkəmizin əsas investorudur. Keçən ay Londonda Baş nazir xanım Tereza Mey və Prezident İlham Əliyevin birgə iştirakı ilə BP ilə SOCAR arasında növbəti kontraktın imzalanması qarşılıqlı strateji əməkdaşlığın nəticəsidir. “Cənub Qaz Dəhlizi” nin icrasında Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın iştirakı geniş beynəlxalq əməkdaşlıq formatı yaradıb. Amma “Cənub Qaz Dəhlizi”nə maraq göstərir ki, gələcəkdə bu formata daxil olan ölkələrin sayı artacaq. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun növbəti mərhələdə bu layihəyə qoşulacaqları gözləniləndir.

Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır. O günü də mən çox yaxşı xatırlayıram. Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün buraya gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və bir daha mən demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir. “Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Biz gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da böyük və tarixi hadisədir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır. Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir. Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanır və öz maliyyə resurslarını ayırırlar. Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq. Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib. Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər öz mənfəətini götürməlidirlər və Azərbaycan resursların sahibi kimi, əlbəttə ki, öz mənfəətini götürür və götürəcək. Çıxışımın sonunda bu layihələrin ölkəmiz üçün nə qədər böyük fayda gətirdiyini qeyd etmək istərdim. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir. Bu gün bu tarixi gündə mən bu tarixi məqamları bir daha sizin və Azərbaycan xalqının diqqətinə çatdırmaq istərdim. Çünki bugünkü günün təməli məhz o illərdə qoyulub. Sadəcə olaraq, biz bütün bu işləri ardıcıllıqla görmüşük. Bu gün bizim ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gündə mən Cənub Qaz Dəhlizinə uzun və uğurlu ömür arzulayıram.

Mənbə: www.president.az